Səudiyyə Ərəbistanının Ciddə şəhərindən start götürən “Dakar” ralli marafonu davam edir.
Yarışın ikinci günündə azarkeşlər müxtəlif kateqoriyalar üzrə pilotlar arasında gərgin mübarizənin şahidi olub. Kvadrotsikl sürücülərinin yarışında “Honda”dan Xoan Barreda Bort qalib gəlib. O, finiş xəttini 3 saat 31 dəqiqə 20 saniyəyə qət edib. Ondan 5 dəqiqə geri qalan KTM komandasının pilotu Sem Senderlend 2-ci yeri tutub. KTM-nin digər üzvü Kevin Benavides 3-cü olub.
Yarışın ilk günündə 2-ci yeri tutan ralli üzrə 9 qat dünya çempionu Sebastyan Löb bu dəfə uğur qazanıb. 47 yaşlı əfsanəvi fransalı avtomobil pilotlarının yarışında 2 saat 45 dəqiqə 48 saniyəlik nəticə ilə qalib gəlib. İlk yarış günün qalibi Nasser Əl Attiya 2-ci olub. “Toyota”nın qətərli pilotu Löbdən 3 dəqiqə 28 saniyə geridə qalıb. “Audi”dən Karlos Sayns isə 3-cü yerə yüksəlib.
Yük maşınlarının pilotları arasında keçirilən yarışda isə “Kamaz”ın dominantlığı davam edir. Yarışın 2-ci günündə Andrey Karginov finiş xəttini 3 saat 52 dəqiqə 7 saniyəyə qət edərək birinci olub. İlk yarış gününün qalibi Dmitri Sotnikov ondan 38 saniyə geri qalıb. “Kamaz”ın digər pilotu Eduard Nikolayev isə 3-cü olub.
Motosikletçilərin yarışında da CAN-AM komandası üstünlüyünü heç kimə vermək istəmir. Təsadüfi deyil ki, bu dəfə də ilk 5 pilləni bu komandanın üzvləri tutub. Ostin Cons finiş xəttini 4 saat 11 dəqiqə 55 saniyəyə qət edibsə, Rodriqo Luppi de Oliveyra ondan 24 saniyə geri qalıb. Mixail Qoçal isə yarışı 3-cü sırada tamamlayıb.